Qızı maddi yük sayanlar  

12:12 07.01.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan bu cür düşünən ailələrin sayəsində cins nisbətinin pozulmasına görə dünyada ikinci yerdədir

Dünyada cins nisbətinin pozulması halları getdikcə dərinləşir. Bu problem Azərbaycanla yanaşı, bir sıra dünya ölkələri üçün də aktualdır. Belə ki, 200 ölkədə 1970-2017-ci illər aralığındakı doğuş statistikasını araşdıran Amerika və Sinqapur alimləri bəzi anomaliyalar aşkar ediblər. Məsələn, 2005-ci ildə Çində hər yeni doğulan 100 qız uşağına 118 oğlan düşüb. 2018-ci ildə Hindistanda bu nisbət 111 olub. Oğlan uşaqlarının sayındakı anormal artım daha 9 ölkədə - Azərbaycan, Albaniya, Ermənistan, Gürcüstan, Vyetnam, Tayvan, Tunis, Monteneqro və Cənubi Koreyada müşahidə edilib.

Cins nisbətinin pozulmasında əsas səbəb kimi göstərilən selektiv abortların kəskin artdığı ilk ölkə isə Hindistan olub. Oğlan uşaqlarının qeyri-proporsional artımı (1,1) orada hələ 1975-ci ildən start götürüb və bu tendensiya indi də davam etməkdədir.1980-ci illərin əvvəllərində eyni hal Çində, Koreyada, Tayvanda, Tunisdə və Monteneqroda baş verib. Hələ də 100 qıza 114 oğlanın düşdüyü Çin istisna olmaqla, hazırda həmin ölkələrdə vəziyyət normallaşıb. Üç keçmiş sovet respublikasında - Azərbaycan, Gürcüstan və Ermənistanda selektiv abortların kəskin artışı SSRİ-nin süqutundan sonrakı 1991-92-ci illərə təsadüf edir. Həmin illərdə bu ölkələrdəki ümumi doğuş sayı da azalıb. 2017-ci ildə isə bu ölkələrdə hər yeni doğulmuş 100 qız uşağına 112-113 oğlan düşüb.

Araşdırmalar onu göstərir ki, məhz 90-cı illərin sonuna yaxın USM-in tətbiqindən sonra selektiv abortların sayı kəskin dərəcədə artmağa başlayıb. Xüsusən də bir qız övladı olan valideynlər ikinci və yaxud üçüncü qız övladını istəmir və aborta müraciət edir. Halbuki Azərbaycanda selektiv abort hüquqi baxımdan qadağandır.

Qanuna əsasən, hamiləliyin süni surətdə pozulması qadının arzusu ilə hamiləliyin 12 həftəlik müddətinədək aparılır (6 həftəlik müddətə qədər ambulatoriya şəraitində, 6 həftədən 12 həftəyədək müddətdə isə yalnız stasionarda aparılmasına icazə verilir). Bu müddətdən sonra həyata keçirilən bütün abortlar (tibbi zərurət halları istisna olmaqla) qanun pozuntusudur.

Məlum olduğu kimi, 12 həftənin sonunadək embrionun cinsini müəyyən etmək mümkün deyil. Lakin bu bir faktdır ki, hamilə qadınlar bətnində qız övladı olduğunu bildikdən sonra əksər hallarda aborta üstünlük verir. Bu o deməkdir ki, ölkəmizdə selektiv abortlar qeyri-qanuni yolla daha gec hamiləlik dövründə həyata keçirilir.

Yeri gəlmişkən, demoqrafik təhlillərə görə, doğulan uşaqların cins nisbəti (hər 100 qız uşağına nisbətən oğlan uşaqlarının sayı) bioloji normaya uyğun olaraq 105-107 təşkil edir. Azərbaycanda diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur və hazırda bu nisbət hər 100 qız uşağına 114 oğlan uşağıdır.

“Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda qeyd edilir ki, cins nisbətinin pozulmasına görə Azərbaycan dünyada ikinci yerdədir: “Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Əhalinin siyahıyaalınmalarının məlumatlarına əsasən, 1989-cu ildə hər 1000 kişiyə 1051 qadın, 1999-cu ildə 1048, 2019-cu ildə 1021 qadın düşüb. Bu gün isə ölkədə hər 1000 kişiyə 1003 qadın düşür. Təəssüflər olsun ki, aparılmış sosioloji sorğuların nəticələrinə görə hələ də kişilərin 49,5 faizi, qadınların isə 22,5 faizi ailədə qız uşağının olmasını maddi yük kimi qəbul edir”.

Ekspertlər hesab edirlər ki, son illər yenidoğulanlar arasında cins nisbətinin pozulması gələcəkdə əhalinin demoqrafik göstəricilərinə mənfi təsir göstərə bilər. Çox təəssüflər olsun ki, biz artıq bu fərqi statistik rəqəmlərdə daha aydın görə bilirik. Məsələn,Təhsil Nazirliyinin 2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, respublikanın ümumi təhsil müəssisələrində1 574 206 şagirdin təhsil alacağı gözlənilirdi. Onların 733 279 nəfəri qız, 840 927 nəfəri isə oğlandır. Müqayisə üçün bildirək ki, 2019-2020-ci tədris ilində ümumtəhsil məktəblərinin I sinfində 164 234 şagird təhsil alırdı.

Məsələyə münasibət açıqlayan “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova bizimlə söhbətində bildirib ki, Azərbaycanda doğulan uşaqlar arasında cins nisbətinin pozulması aradan qaldırılmazsa, çox ciddi fəsadlar yaşanacaq:

“Qanunvericilikdə reproduktiv sağlamlıqla bağlı, selektiv abortların qarşısının alınması ilə əlaqədar ağır cinayətin tətbiqi nəzərdə tutularsa, yaxud qız uşaqlarına qarşı ayrıseçkiliyin aradan qaldırılması ilə bağlı, qadınların sosial müdafiəsini tənzimləyən qanun qəbul edilərsə, o zaman elə bir təhlükə olmayacaq. Hələ pik həddi aşmamışıq. Bütün bunlar olmasa, cəmiyyət böyük problemlərlə üzləşəcək. Gələcəkdə gəlin gətirməklə bağlı ciddi şəkildə düşünməli olacağıq. Həmçinin eynicinslilərin sayı artacaq, demoqrafiq dəyişiklik ciddi şəkildə azala bilər. Ən əsas məqam isə əhalinin təbii artımı təhlükə qarşısında qala bilər”.

Mövzu ilə bağlı fikirlərini bildirən millət vəkili Musa Quliyev isə deyib ki, dünya təcrübəsində oğlan və qız uşaqları arasında faiz nisbəti 49-51 olmalıdır:

“Azərbaycanda faiz nisbətində belə fərqlənmə subyektiv amillərin, yəni konkret insan müdaxiləsinin göstəricisidir. Əslində dünyanın bir çox ölkələrində, xüsusən də şərq ölkələrində bu problem mövcuddur. Bu ölkələrdə də qız və oğlan uşaqlarının faiz nisbətində problemi aradan qaldırmaq üçün mübarizə aparılır. Təcrübə göstərir ki, mübarizənin ən uğurlu yolu və forması maarifləndirmədir. İnzibati qaydada şübhəsiz ki, tədbirlər görülməlidir, amma burada insanların tibbi və dini baxımdan maariflənməsinin böyük əhəmiyyəti var. Ailələr arasında  daha geniş maarifləndirmə aparılmalıdır ki, bu cür hallar gələcəkdə demoqrafik gərginliyə səbəb olmasın. Hər il oğlan uşaqlarının sayı artır, qız uşaqlarının sayı isə azalır. Evlənmə yaşına çatanda oğlanların sayı qızlardan çox olacaq. Belə olan halda isə subayqalma halları olacaq, oğlanlar başqa ölkələrdən, başqa millətdən olan qızlarla evlənəcək, nikahların milliliyini qorumaq çətinləşəcək. Milli mentalitetin qorunması üçün atanın da, ananın da eyni millətdən olması vacibdir, xüsusən də bunun bizim kimi o qədər də böyük olmayan və gənc ölkə üçün böyük əhəmiyyəti var".

Mövzu ilə bağlı sosioloq, professor Əhməd Qəşəmoğlu isə bu qənaətdədir ki, Azərbaycanda oğlan uşaqlarının sayının çox olması bizə gələcəkdə heç bir demoqrafik problem yaşatmayacaq.

“Ölkəmizdə doğulan oğlan uşaqlarının sayının çox olması müsbət haldır. Burada mənfi heç nə yoxdur. Burada əsas problem mənəvi məsələdir. Bu da ondan ibarətdir ki, qız uşaqlarını ana bətnində “UZİ” vasitəsilə müəyyənləşdirirlər və onları məhv edirlər. Bu, valideynlərin öz övladlarına qarşı qatilliyidir. Belə valideynlər öz uşaqlarını məhv edirlər. Bu da valideynlərin psixologiyasında çox neqativ hallar yaradır, onlar bu neqativi ətrafdakılara da ötürürlər. Ona görə də burada məsələnin mənəvi tərəfi qorxuludur, demoqrafik tərəfi isə faydalıdır, təhlükəsizdir. Biri deyir oğlanlar çoxdur, onların evlənməyi üçün problem olacaq, başqa birisi deyir oğlanların sayının çox olması təhlükəlidir və sair. Bunlar gülməli yanaşmalardır. Mən 50 ildir ki, bu prosesi izləyirəm, bu proseslərin içindəyəm. Doğulan oğlan uşaqlarının sayının çox olması ona görə müsbətdir ki, onlar 20 yaşa çatdıqdan sonra müəyyən bir hissəsi ölkədən çıxıb gedir, bir qismi yol hadisələrində həyatını itirir, müharibələrdə ölür. Oğlan gəlib 20 yaşa çatanda sayları elə o yaşda olan qızların sayına bərabər olur. Oğlan uşaqlarının sayının çox olması demoqrafik baxımdan faciə deyil, əksinə, çox müsbət göstəricidir. Təbii ki, Azərbaycanda oğlan uşaqlarının sayının çox olmasının müsbət tərəflərindən biri də hərbi çağırış zamanı oğlanların çox olması ilə bağlıdır. Bu oğlanların içindən güclü hərbçilər çıxacaq.Bu səbəbdən də oğlan uşaqlarının sayının çox olması bizi qorxutmamalıdır. Ən acınacaqlısı,qızlara bəslənən mənfi münasibətdir, ata-ana vicdansızcasına öz qız övladlarının dünyaya gəlişinin qarşısını selektiv abortlarla alır. Biz bu cür yanaşmaları pisləməliyik. Sizə deyim ki, selektiv abort məsələsi beynəlxalq səviyyədə də diqqət mərkəzindədir, bu problemin tamamilə aradan qaldırılması əsas prioritetlərdən biridir. Amma bu gün hələ heç bir ölkədə bu problemin həllinə nail olunmayıb. Bu həm də vicdan məsələsidir”.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.